"Rəqiblər bizi lazımi qədər dəyərləndirmirlər" - Cessi Gi
"Xırdalan"ın oyunçusu Cessi Gi Azərbaycan Basketbol Liqasının 12-ci turunun "Sabah"la qarşılaşmasından sonra (107:103) fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, o, qələbə qazandıqları üçün xoşbəxt olduğunu deyib:
"Bunun üçün çox çalışmışdıq. Əziyyətimiz boşa getmədi. Komandada hər kəs bu qələbədə pay sahibi oldu. Əsl kollektiv oyun sərgilədik. Rəqiblər tərəfindən qiymətləndirilməməyimiz bizi motivasiya edir. “Sabah” üzərində qələbə ilə də güclü kollektiv olduğumuzu sübut etdik. Düşünürəm ki, rəqiblər bizi lazımi qədər dəyərləndirmirlər. Amma bunun bizim üçün problemi yoxdur”.
28 yaşlı oyunqurucusu komanda yoldaşları haqda da danışıb:
"32 xal toplasam da, bunu komanda yoldaşlarımın dəstəyi ilə etmişəm. Komandam və məşqçim mənə güvəndikləri üçün bu performansı göstərə bildim. "Sabah" liqanın ilk pilləsində idi. Bu amil məni startdan etibarən daha aqressiv oynamağa motivasiya etdi".
Xatırladaq ki, hazırda "Sabah" 22 xalla turnir cədvəlinə başçılıq edir, "Xırdalan" isə 19 xalla dördüncü pillədə qərarlaşıb.