Rəşad Sadıqov gəldi, çempion komanda mükafatına qovuşdu

Rəşad Sadıqov gəldi, çempion komanda mükafatına qovuşdu

Xəbər verdiyimiz kimi, mini-futbol üzrə Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Son illərin dəyişməz çempionu "Birbaşa Bakı" yenidən 1-ci yeri tutub, "Aznur" 2-ci, "Real Bakı" isə 3-cü olub.

Son görüşlərin ardından medalçılar mükafatlandırılıblar.

Əvvəlcə xüsusi nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunub.

Çempionatın ən yaxşı qapıçısı Vəli Qafarov ("Birbaşa Bakı") seçilib. Mükafatı "Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov təqdim edib.

Liqanın ən sərrast futbolçusu mükafatına "Zirə"nin üzvü Rəvan Kərimov layiq görülüb. Onu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mükafatlandırıb.

Yarışın ən yaxşı futbolçusu nominasiyasında isə çempion komandanın tanınmış siması Təmkin Xəlilzadə fərqlənib. Qalibə mükafatı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.

Daha sonra medalların sahibləri mükafatlandırılıblar. Bürünc medalın sahibi "Real Bakı"ya mükafatları veteran futbolçular Vaqif Cavadov, İlqar Qurbanov və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.

Gümüş mükafatçı "Aznur"a medalları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov verib.

Qızıl medalçıları isə AMF-in prezidenti Orxan Məmmədov və vitse-prezidenti Taleh Nəsibov mükafatlandırıb.