"Ronaldo oynamayanda əsəbləşir"
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Kriştianu Ronaldo haqda maraqlı açıqlamalar verib.
MediaSport.az xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı portuqaliyalı ulduzun Premyer Liqanın 8-ci turunda "Mançester Siti"yə qarşı forma geyinməməsinə, ümumiyyətlə, son oyunlarda ehtiyatda qalmasına münasibət bildirib.
Ten Haq deyib ki, təcrübəli hücumçu həmşəhərlilərinə 3:6 hesabı ilə uduzduqları görüşdə oynaya bilməməsinə çox məyus olub.
"O, Mançester derbisində oynamadığına görə çox üzülüb, amma əsas mövzu məşqlərdəki ruh halıdır. Təbii, daim meydanda olmaq istəyir və oynamayanda da əsəbləşir. Əgər "Mançester Yunayted"də ehtiyatda qalır və bundan məmnunsunuzsa, o zaman bura sizin üçün doğru klub deyil. Kriştianu həqiqətən də rəqabətcil futbolçudur. Xüsusi qeyd etməliyəm, məşqlərdə çox çalışır, daim motivasiyalıdır və əlindən gələnin ən yaxşısını edir. Bizim də gözlədiyimiz budur".