"Sabah"ın baş məşqçisi: "Birdən-birə avrokuboklara atılmaq düzgün deyil"

"Sabah"ın baş məşqçisi: "Birdən-birə avrokuboklara atılmaq düzgün deyil"

Azərbaycan Basketbol Liqasının 5-ci turunda NTD-yə qalib gələn lider "Sabah"ın baş məşqçisi Elşən Yusubov mediasport.az saytına müsahibə verib.

NTD ilə matçda qalib gələrək rəqibin məğlubiyyətsizlik seriyasına son qoyduz.

- NTD uzun illər çempionatımızın favorit komandası olub. Dəfələrlə çempionluq yaşayıb. Əlbəttə ki, bu komandaya qarşı xüsusi hazırlaşmaq lazım idi. "Xırdalana" uduzmuşduq, həmin oyundan sonra yavaş-yavaş yüksəlişə keçdik, qələbələr qazandıq. "Gəncə"yə də qalib gələndən sonra komandamızın perspektivini gördüm. Klub rəhbərliyi sağolsun, hər şeyi edir, şəraitimiz yaxşıdır. NTD ilə matçda çox yaxşı start götürdük. Ehtimal edirdim ki, hündürboylu oyunçularımızın "foul"ları çox ola bilər. Belə də oldu. Hakimlərə təkrara baxmaqları üçün müraciət etdim. Amma bu, vaxtında deyildi. Hakim idarəçiliyi də yaxşı idi. Sadəcə, biz hündürboylu oyunçularımızı cərimələrə görə itirdik. Amma digər oyunçularımız oyuna davam edib, qələbə qazandıq.

Çempionluğa favorit komandalardan sayılan "Gəncə"dən sonra NTD-ni də məğlub etmək "Sabah"ın iddiasını ortaya qoyması deməkdi?

- Klub yaradılanda mövqeyimizi, fikrimizi bildirmişdik ki, çempionluq əldə edilməsə də, güclü, ilk "üçlük"də yer alacaq komanda olacağıq. Mənə elə gəlir ki, bu çempionat maraqlı olacaq. Çünki bu qələbə ilə kifayətlənmək olmaz. Basketbol elədir ki, gərək lider də arxayınlaşmasın. Çempionat sona qədər çox maraqlı olacaq. Liderliyimizi saxlamağa çalışacağıq.

"Sabah" gələcək üçün nə vəd edir?

- Builki çempionatımız çoxdan gözlədiyimiz liqadı. Azarkeşlər də zalı yavaş-yavaş doldururlar. İnanıram ki, liqanın ortalarında zal tam olaraq dolacaq. Basketbol çox maraqlı kollektiv oyunudur. "Sabah" da uğurlu start götürüb. Bu çıxışı beynəlxalq müsabiqələrə qədər daşıyacağımıza inanıram.

Beynəlxalq yarışlar demişkən, Azərbaycan Basketbol Liqasında çempion olacaq komandanın avrokuboklarda iştirakına FİBA-nın icazə verib-verməyəcəyi məlum deyil. Belədə komandanı oyunlara necə motivasiya edirsiz?

- Hələ ki, vəsiqə vermir. Pandemiyaya görə liqa dayanmışdı. Birdən-birə avrokuboklara atılmaq da düzgün deyil. Gərək, öz yerli kadrlarımızı yetişdirmək üçün 3-4 il işləyək. Federasiya çox gözəl addımlar atır, yaxşı işlər görür. Yeniyetmələrin, tələbələrin turnirləri keçirilir. Bu da basketbolun inkişafı yolunda əla addımdı. Elə bu illərdə beynəlxalq oyunlar üçün hazırlaşacağıq.

Yerli kadr demişkən, bu məsələ "Sabah"da nə yerdədi?

- Maqsud, Kamran, Şirin kimi cavan, Fuad Niftəliyev kimi təcrübəli oyunçularımız var. Komandada legionerlər də oynayır. Cavanlara bu cür oyunlarda vaxt verə bilməsək də, məqsədim gələcəkdə özlərini bərkitmələri üçün onlara şans yaratmaqdı. Bu cür komandada məşq etməyin özü onların təcrübələrini artırmaq baxımından yaxşı şansdı. 

Yəni, həmin cavanlarda real potensialı görürsüz?

- Bəli, perspektiv var. Basketbolda buraxılmış vaxtı geri qazanmaq lazımdı. Çox perspektivli uşaqlar var ki, basketbolu dayandırmışdılar. Biz onları geri qaytarırıq.

Elvin