Şahin Bağırov voleybol ictimaiyyəti və idmançılarla görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Naxçıvanda voleybol ictimaiyyəti və idmançılarla görüşüb.
Mediasport.az xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan görüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma, AVF-nin digər nümayəndələri, eləcə də muxtar respublikanın bütün şəhər və rayonlarından olan məşqçi, hakim və idmançılar iştirak ediblər.
Şahin Bağırov ölkəmizdə köklü idman ənənələri olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin ölkə başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bu sahədə qazanılan nailiyyətlərdən bəhs edən Ş.Bağırov Azərbaycan voleybolunun dünya səviyyəsində tanındığını, rəğbət göstərildiyini bildirib, federasiyanın əsas məqsədinin isə ölkəmizdə voleybolun davamlı inkişafını təmin etmək olduğunu vurğulayıb.
Muxtar respublikada idmanın inkişafını, mövcud şəraiti və əhalinin idmana olan marağını yüksək qiymətləndirən Şahin Bağırov Naxçıvanda voleybolun inkişafına böyük ümidlər bəslədiklərini vurğulayıb.
Federasiya rəhbəri qeyd edib ki, qarşıdakı planların icrasında müvafiq qurumlarla əməkdaşlıq davam etdiriləcək. Məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı voleybolçu nəslinin formalaşdırılması və digər meyarlar üzrə addımlar atılacan. Yerli məşqçilər Bakıda təcrübəli mütəxəssislərin rəhbərlik etdiyi kurslara cəlb olunacaq və daha sonra Naxçıvanda fəaliyyətini davam etdirərək güclü komandaların hazırlanması üçün çalışacaqlar.
Ardınca qonaqlar kişi voleybolçulardan ibarət Naxçıvan yığma komandasının üzvləri arasında keçirilən yoldaşlıq görüşünü izləyiblər.