Şahin Diniyev: "Neftçi" qol vəziyyəti yarada bilmirdi, 1 xal da xaldır"
"Səbail" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
mediasport.az xəbər verir ki, Byaıl klubunun baş məşqçisi Şahin Diniyev matç haqqında fikirlərini bölüşüb.
- Çox gərgin oyun oldu. Hər iki komanda qalib gələ də, məğlub ola da bilərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. Komandada 7-8 oyunçu ilk dəfədir bir yerdə oynayır. Futbolçuların uyğunlaşması üçün 5-6 matç vacibdir. Taktiki cəhətdən ağıllı oynamağa və ötən turdakı səhvləri etməməyə çalışdıq. Bir neçə qol vəziyyətindən istifadə etsəydik, yaxşı olardı. Hesab oyuna görə oldu. Asan qollar buraxırıq. İki oyundur ki, qapımıza penaltilər verilir. Kənardan baxırdım, penalti yox idi. Sayef açıq ayaqla topa getmişdi. Yenə də müdafiəçi cərimə medyançasında sadə oynamalıdır. "Neftçi" qol vəziyyəti yarada bilmirdi. Komandama təşəkkür edirəm, dözdülər. Bir xal da xaldır. Bizim üçün başlanğıcdır. İrəli getməyə çalışacağıq.
"Səbail"in qapısına verilən penaltidə Rauf Cabbarov VAR-a getmədi.
- Taleyimizdir. Keçən ildən qəbul etmişəm. Belə də gedirik.
Bununla bağlı şikayət edəcəksiz?
- Nəyi dəyişəcək? Kimsə cərimə oluna bilər. Amma ötən matçda da belə oldu. Hakimlər səhv edə bilər. Burada simpatiya məsələsi var. Sayef cəriməni birinci etmişdi, açıq ayaqla getmişdi. Əks tərəfdə olsaydı, fərqli qərar veriləcəkdi.
Oyun zamanı "Səbail"in texniki zonasından Qara Qarayevə su atdılar. Nə baş vermişdi?
- Emosiyalarla dolu epizod idi. Ona qədər epizod var idi. Bizdən kimsə yerə atdı suyu, sürüşərək ora getdi. Qaraya qarşı yox, yaranan epizoda görə elə idi. Yəni "Neftçi"nin oyunçularına qarşı deyildi.