Şahruddin Mauro İkardi və Vensan Abubakar haqqında nə danışıb?
"Adana Dəmirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə mətbuatına açıqlama verib.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının qolkiperi Adana klubuna tez adaptasiya olunduğunu deyib.
29 yaşlı Məhəmmədəliyev yeni klubundan, məşhur futbolçulara qarşı oynamaqdan zöv aldığını bildirib: “Məsələn, Vensan Abubakar və Mauro İkardi kimi böyük futbolçulara qarşı oynamağı sevirəm. Hücumçulardan çəkinmirəm. Ötən həftə mənim üçün xüsusi idi. Çünki ilk dəfə azarkeşlərimizlə bir araya gəldim. Onları daha əvvəldən izləyirdim. “Adana Dəmirspor”un bir parçası olduğum üçün fəxr edirəm. Mövqeyimdə güclü rəqabətin olduğunu bilərək gəlmişəm. Üzərimə düşən öhdəlik çox çalışmaqdır. Uyğunlaşma dönəmi mənim üçün asan keçir. Çünki Azərbaycan və Türkiyədə insanlar bir-birilərinə çox bənzəyirlər. Bura gəlməklə bağlı qərarı verərkən çətinlik çəkmədim. Superliqanı yaxından izləyirdim”.
Şahruddin Türkiyə Superliqasında çıxış edən qapıçılarla bağlı fikirlərini belə izah edib: "Heç bir qapıçını özümə kumir saymıram. Fernando Muslera uzun müddətdir yüksək səviyyədə çıxış edir. Dostum İbrahim Şehiç də çox yaxşıdır”.
Qeyd edək ki, qapıçımız “Adana Dəmirspor”la 2 illik müqavilə bağlayıb.