"Sizin yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim"
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Belçikaya qarşı keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Mediasport.a xəbər verir ki, italyan çalışdırıcı əvvəlcə 0:1 hesablı məğlubiyyəti şərh edib.
- Dünən də dediyim kimi, çox ağır oyun gözləyirdi bizi. 90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun göstərdik. Oyunumuzda keyfiyyət var idi. Çox şeyi hələ də inkişaf etdirməliyik. Topu qabağa vurmamalıyıq. İmkanlardan yararlanıb belə rəqiblərə qol vurmaq lazımdır. Komanda ümumilikdə yaxşı oynadı. Bundan da çoxuna layiq idik. Sevindirici hal odur ki, oyundan sonra federasiya prezidenti gəlib uşaqlarla görüşdü, hamıya öz təşəkkürünü bildirdi, dedi ki, oyundan çox razı qaldım.
Əvəzetmədən meydana çıxan futbolçular oyunu gücləndirmədi. Siz necə düşünürsüz?
- Meydana daxil olanlar öz işlərini gördülər. Çıxanlar yorulduqları üçün əvəz edildilər. Rəqib bizi yormuşdu. Meydana daxil olanlar da xoşuma gəldi. Belə oyunlarda meydana sonradan daxil olmaq çox çətindir. Əsas odur ki, əvəzetmələrdən sonra komandanın oyununun keyfiyyəti aşağı düşmədi. Əvəzetmələr futbolçuların pis oynadıqlarına görə olmadı. Yorulmuşdular. İstəyirdik ki, oyuna güc qataq.
Birinci hissənin sonlarında Rahil Məmmədovun yorulduğu hiss edilirdi. Niyə əvəzləmədiz onu?
- Rahil təcrübəlidir. Hava toplarında bizə belə oyunçu lazım idi. Bu mövsüm klubunda da bütün oyunlarda meydana çıxıb. Ona görə də onun təcrübəsi bizim üçün önəmli idi.
Amin Seydiyev nəyə görə "23-lük"dən çıxardız?
- Seydiyev bizimlədi. Amma bu oyun üçün onu seçməmişdim. Çünki başqa xarakterə malik oyunçular lazım idi. Belçika fiziki cəhətdən güclü komandadır.
Belçikanın 3-4 qol vuracağı gözlənilirdi. Amma qol epizodları bizdə daha çox oldu. Sizə neçə il təcrübə lazımdır ki, millimiz bugünkü qol fürsətlərindən istifadə edə bilsin?
- Sizin yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim. Komanda çox yaxşı oynadı. Göstərdik ki, Belçika kimi milli ilə başabaş mübarizə apara bilirik. Bizə çox məşq etmək lazımdır. Bu gün 2002-ci il təvəllüdlü oyunçu medyana daxil oldu. Düzgün yoldayıq. Avstriya və İsveçlə görüşlərdə böyük səviyyə fərqi yox idi. Rəqibə hədiyyələr verirsənsə, nəticələr ağır ola bilər. Nəyəsə nail olmaq istəyiriksə, bu təcrübələrdən keçmək lazımdır. Səviyyəli futbolçuları olan güclü komandalara qarşı oynayırıq.