EKSKLÜZİV! "Sabah"ın məşqçilər korpusunu Latviyaya buraxmadılar
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün Latviyaya yola düşən "Sabah" futbol klubu xoşagəlməz hadisə ilə üzləşib.
MediaSport.az saytına verilən məlumata görə, Masazır klubunun Rusiya vətəndaşları olan məşqçilər korpusu bu ölkəyə buraxılmayıb.
Latviya Respublikası Rusiya pasportu daşıyan şəxslərin bu ölkəyə girişinə qadağa qoyduğu üçün bu hadisə yaşanıb.
Hazırda AFFA və klub rəhbərliyi RFŞ-lə görüşün başqa ölkədə keçirilməsi üçün UEFA-ya müraciət edib və ali qurumdan cavab gözləyirlər.
Qeyd edək ki, AFFA-nın baş katibi Sərxan Hacıyev də klubla birlikdə səfər edib.
Uçuşdan öncə verdiyi açıqlamda məhz belə bir arzuolunmaz halın yaşana biləcəyini qeyd edən qurum rəsmisi qarşı tərəfdən baş məşqçi Murad Musayev və Rusiya pasportlu köməkçilərinin bu ölkəyə yazılı giriş icazəsi aldıqlarını bildirmişdi.