"Son dəqiqələrdə oyun həqiqətən getmirdi, çox yorulmuşduq"
"Macarıstana evdə böyük hesabla uduzacağımızı gözləmirdik. Oyuna yaxşı hazırlaşmışdıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva deyib.
22 yaşlı müdafiəçi Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilmiş görüşü haqda danışıb:
"Məqsədimiz Macarıstana qalib gəlmək idi. Təəssüf ki, belə alındı. Son dəqiqələr oyun həqiqətən getmirdi, çox yorulmuşduq. Macarıstan millisi də çox yaxşı çıxış elədi. Əlimizdən gələni etdik, alınmadı, qismət. Hava da çox isti idi, çox susuzlamışdıq. Nəfəs almaq mümkün deyildi. Artıq keçdi, bu oyunu unudub növbəti matça fokuslanacağıq".
Cinah futbolçusu qrupun İsveçrə yığması ilə son matçı üçün səfərə də uğurlu nəticə dalınca yollanacaqlarını bildirib:
"Macarıstana məğlubiyyətdən sonra komandada əhval-ruhiyyə düşmüşdü. Çünki həqiqətən məqsədimiz o idi ki, Bakıdakı oyunda qalib gələk. Qrupu yaxşı pillədə başa vurmaq üçün çox vacib matç idi. Buna baxmayaraq, İsveçrə ilə qarşılaşmada da bacardığımızı edəcəyik. Doğrudur, İsveçrə daha güclü komandadır. Amma çalışacağıq ki, həmin oyunda uğurlu nəticə verək".
Xatırladaq ki, Bakıda Macarıstana 0:5 hesabı ilə məğlub olan komandamız sabah səfərdə İsveçrə yığmasının qonağı olacaq.
Aktivində 4 xalı olan seçməmizin pley-off şansları hələ də qalır.