Stadnik mübarizəyə başlayır, Maqomedxan final görüşünə çıxır

 Stadnik mübarizəyə başlayır, Maqomedxan final görüşünə çıxır

Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında sərbəst güləş yarışlarına yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, 97 kq-da yer alan idmançımız Maqomedxan Maqomedov final görüşünə çıxacaq.

Həlledici duelə çıxmaqla Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Maqomedxan qızıl medal uğrunda Bəhreyni təmsil edən Axmed Tajudinovla qarşılaşacaq.

Bu gün, həmçinin, Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq. 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançımız Mariya Stadnik təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gələcək.

57 kq-da Jalə Əliyeva 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, 65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoyla görüşəcək.

57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada macar Tamara Dollakla güləşəcək.

Qeyd edək ki, sərbəst güləş yarışlarında yığmamız yalnız 1 medalı rəsmiləşdirib. Osman Nurmaqomedov gümüş medal qazanıb.

Dünya çempionatı sentyabrın 24-də başa çatacaq.