"Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm"
Karyerası ərzində 3-cü dəfə dünya çempionu adını qazanan yunan-Roma güləşi üzrə milli komandamızın kapitanı Eldəniz Əzizli təəssüratlarını bölüşüb.
Mediasport.az xəbər verir ki, idmançımız Məhyəddin Allahverdiyevin rekordunu təkrarladığı üçün şad olduğunu deyib:
“Bütün Azərbaycan idman ictimaiyyəti bilirdi ki, mən 3-cü dəfə dünya çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhəddin Allahverdiyev 80-ci illərdə SSRİ adından 3 dəfə dünya çempionu olmuşdu. Bu il çox işlədik, əziyyət çəkdik. Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə orada. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasam da, yenə də bacardıq. Rəbbim bu qələbəni mənə nəsib etdi. İnşallah, 4-cü dəfə dünya çempionu olmağa çalışacağam”.
Qeyd edək ki, Məhyəddəin Allahverdiyev SSRİ dönəmində - 1985, 1986 və 1987-ci illərdə 3 dəfə dünya çempionu adını qazanıb. Eldəniz Əzizli isə müstəqillik tariximizdə bu uğura nail olmuş ilk yunan-Roma güləşçimiz kimi tarixə düşdü.