"Təcrübəmi bölüşməyə, onlara dəstək olmağa çalışacağam"
"Şamaxı" mənə yad klub deyil. Burada oynamışam. Buna görə də təklifə isti yanaşdım. Məsuliyyətli olmalıyıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Şamaxı"nın yeni transferi Kamal Bayramov deyib.
39 yaşlı qapıçı Premyer Liqanın debütantının heyətində gənc futbolçuların sayının çoxluq təşkil etdiyini söyləyib:
"Yeni bir yola çıxırıq. Mən də təcrübəmi bölüşməyə, onlara dəstək olmağa çalışacağam. Yaxşı kollektiv quracağımıza inanıram. "Şamaxı"nın hədəfləri haqda danışmaq mənə məxsus olan bir məsələ deyil. İnşallah, əzmkar kollektiv olarıq".
Təcrübəli dəri əlcək sahibi Şamaxı təmsilçisinin çalışdırıcısı Ayxan Abbasovdan da söz açıb:
"2023/24 mövsümü bitər-bitməz "Turan Tovuz"dan ayrıldım. Onlara uğurlar arzulayıram. Qısa müddətdə "Şamaxı"dan təklif gəldi. Sözsüz, Ayxan Abbasovun karyeramda önəmli rolu var. Bu səbəbdən ona minnətdaram. Baş məşqçinin etimadını doğrultmağa çalışıram. Fikirləri, oyun fəlsəfəsi mənə uyğundur".
Xatırladaq ki, 1-ci Liqanın son çempionu bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.
Rövşən Əlisoy