"Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir" - Avropa çempionu
Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı qadın Ülviyyə Fətəliyeva Vətənə dönüb.
Mediasport.az xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.
O, təssüratlarını bölüşüb: "Yarış mənim üçün gərgin keçdi. Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirdim. Lakin bu dəfə alındı. Çox möhtəşəm hisslərdir. Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki məni xoşbəxt etdi. O, hər zaman zərif cinsin nümayəndələrinə qayğı göstərir. Buradan ona dərin minnətdarlığımı bildirirəm".
Fətəliyeva qələbədən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun ona zəng etdiyini söyləyib: "İlk olaraq qələbəmi onunla qeyd etdim. Onun bizə olan dəstəyi böyükdür".
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur.
Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.