Vitse-prezident: "İndi daha böyük uğurlar qazanmaq istəyirik"

Vitse-prezident: "İndi daha böyük uğurlar qazanmaq istəyirik"

"Bilirsiniz ki, sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Babayev tarixi nəticə qazanmışdı.

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

Qurum rəsmisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəylinin çıxışı barədə açıqlama verib.

F.Umudov bu uğurun yenidən təkrarlanmasına görə xoşbəxt olduğunu bildirib: "Dadaş Dadaşbəylinin qazandığı üç qızıl medal böyük uğurdur. Dövlətimizin idmana göstərdiyi qayğı nəticəsində nailiyyətlərimiz daha da artır".

Vitse-prezident fqarşılarına daha böyük hədəflər qoyduqlarını bildirib:

"Bu yarışda ölkəmizi 9 idmançı təmsil edirdi. Dadaş istisna olmaqla, digərləri gənc idmançılar idi. İndi daha böyük uğurlar qazanmaq istəyirik. Bu nəticə bizi arxayınlaşdırmamalıdır. Hədəfimiz gənclərin üzərində daha çox işləyib gələcək yarışlara yüksək səviyyədə hazırlamaqdır. Ən böyük məqsədlərdən biri də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq və ölkəmizi layiqincə təmsil etməkdir".

Qeyd edək ki, Dadaş Dadaşbəyli toplam 388 kiloqram (176+212) nəticə ilə həm birdən qaldırmada, həm də təkanla qaldırmada qızıl medal qazanıb. İdmançımız yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.