"Bu nəticə ilə dayanmaq olmaz" - Federasiyanın vitse-prezidenti

"Bu nəticə ilə dayanmaq olmaz" - Federasiyanın vitse-prezidenti

"Bu nəticə ilə dayanmaq olmaz. Daha böyük uğurlar əldə etmək üçün çalışmalıyıq".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticə qazanan Azərbaycan millisinin çıxışı barədə danışarkən deyib.

O bildirib ki, Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır: "Komanda tərkibində Avropa mükafatçısı olan ağırlıqqaldıranlar var. Yunanıstanda əldə etdiyimiz nəticələri qorumalıyıq. Federasiya olaraq yeniyetmə idmançılarımızın gələcəkdə Olimpiya Oyunlarında və dünya çempionatlarında yüksək nəticələr qazanacağına inanırıq. Çox xoşbəxtik".



Azərbaycan millisinin baş məşqçisi Maxtı Makkayev də komandamızın çıxışını yüksək qiymətləndirib:

"Bu nəticə idmançılar üçün böyük motivasiyadır. Yarışa çox ciddi hazırlaşmışdıq, bunun da nəticəsini gördük. Komanda çox yaxşı çıxış elədi. Onlar bizim gələcəyimizdir. İrəlidə daha böyük uğurlar qazanaraq həm idmançıları, həm də ölkəni tanıdacağıq. Hər kəslə fəxr edirik. Bütün məşqçi heyətinə əziyyətlərinə görə təşəkkür edirəm".

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi ümumilikdə 18 medal (8 qızıl, 5 gümüş və 5 bürünc) qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi 15 yaşadək atletlər arasında Avropa birinciliyində komanda hesabında ikinci yeri tutub.

Komandamız ümumilikdə 709 xal toplayıb və yalnız 742 xalla çempion olan Gürcüstandan geri qalıb.