Yaponiyaya yollanan yığmamızın sabiq üzvü məşqçiliyə başlayıb
Azərbaycanın cüdo milli komandasının keçmiş üzvü, dünya mükafatçısı və Avropa çempionu Orxan Səfərov oktyabrın 9-dan etibarən “NPO Hiratsuka Kanagava” ictimai birliyinin təşkilatçılığı ilə Yaponiyada cüdo üzrə beynəlxalq məşqçilik seminarında iştirak edir.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, Tokay Universiteti və Kodokan Yaponiya Cüdo Mərkəzinin dəstəyi ilə keçirilən seminar Yaponiyanın zəngin mədəniyyəti haqqında öyrənmək, kütləvi mübadilə yolu ilə cüdo haqqında məlumat əldə etmək və məşqçilik sənətini dərindən öyrənmək məqsədi daşıyır.
Seminarın proqramına yeni başlayanlardan qabaqcıl səviyyələrə qədər əhatə olunan cüdo məşq texnikalarını öyrənmək, onların müxtəlif auditoriyaya effektiv şəkildə çatdırmaq üçün vasitələrin əldə edilməsi, Kodokan standartlarına uyğun beynəlxalq hakimlik qaydaları, Yaponiyanın universitet tələbələri ilə birlikdə xüsusi cüdo təlimi, “Nage no Kata” və reabilitasiya məşqləri daxildir. Bundan əlavə, proqram məşq texnikalarının təkmilləşdirilməsinə, təlim proqramlarının və müxtəlif yaş qruplarına uyğun olaraq məşqçilik proqramlarının hazırlanmasını da əhatə edir.
“Bu proqram uşaq və yeniyetmələrdən tutmuş gənclərə və böyüklərə qədər hər kəsə peşəkar cüdo məşqi keçmək üçün geniş biliklər qazandırır. Proqram çərçivəsində, biz Yaponiyanın ən məşhur cüdo məktəblərində dərslərdə iştirak edirik. Həmçinin, noyabrın əvvəlində təşkilatçılıq prosesini izləmək üçün Yaponiyanın ən nüfuzlu yarışı olan “Kodokan Cup” yarışına qatılacayıq. Əminliklə deyə bilərəm ki, burada qazandığım təcrübə gələcəkdə peşəkar məşqçi kimi fəaliyyət göstərməyimə böyük köməklik edəcək”, – deyə Orxan Səfərov bildirib.
Seminar noyabrın 7-nə qədər davam edəcək.
Qeyd edək ki, 32 yaşlı Səfərov 2013-cü ildə böyüklər arasında dünya üçüncüsü olub, 4 il sonra isə analoji yarışda gümüş medal qazanıb. 2015 və 2016-cı illərdə Avropa çempionatının gümüş, 2017-ci ildə isə bürünc medalına sahib çıxıb. “Masters” turnirində 1 dəfə qızıl, 1 dəfə gümüş medal qazanmaqla yanaşı, "Böyük dəbilqə" və "Qran-pri" yarışlarında ümumilikdə 15 medal qazanıb.