Fətəliyeva 23 pillə, Şəhriyar 2 pillə irəlilədi, Teymur gerilədi - REYTİNQ
Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların iyun reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
39 yaşlı qrossmeyster 2 pillə irəliləyib. Aktivində 2734 xal olan Məmmədyarov 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov 3 pillə geriləyib. O, 2704 xalla 30-cudur.
Digər qrossmeysterimiz Rauf Məmmədov (2651) 5 addım irəliləyib. Milli üzvü 82-ci yerdədir.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Fabiano Karuana (2805) və Hikaru Nakamura (2794) izləyirlər.
Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. 6 pillə irəliləyən şahmatçımız 2444 xalla 29-cudur.
Altı addım irəliləyən Gövhər Beydullayeva (2417) 39-cudur. Avropa çempionu Ülviyyə Fətəliyeva (2399) 23 pilləlik sıçrayışla 49-cu sıradadır. 11 pillə irəliləyən Xanım Balacayeva 2385 xalla 63-cüdür. 9 addım geriləyən Gülnar Məmmədova (2348) 99-cı pilləyə düşüb.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2558), üçüncü sırada Ley Tinqjie (Çin, 2548) qərarlaşıb.