Badmintonçularımız Estoniyadakı turnirdə çıxışını başa vurdu

Badmintonçularımız Estoniyadakı turnirdə çıxışını başa vurdu

Yeniyetmə və uşaq badmintonçularımız Estoniyanın Tartu şəhərində keçirilən “Yonex Estonian Youth International 2022 U-11-U-15” turnirində çıxışını başa vurub.

Azərbaycan Badminton Federasiyasından mediasport.az saytına verilən məlumata görə, təmsilçilərimizdən ən yüksək nəticəyə Məhəmməd Hacızadə imza atıb. O, 11 yaşadək oğlanların şəxsi yarışında turnirin yarımfinalına qədər irəliləyib.

Badmintonçumuz həm finala yüksəlmək, həm də 3-cü yer uğrunda keçirilən görüşlərdə eston rəqiblərinə uduzaraq 4-cü olub. Bu yaş kateqoriyası üzrə oğlanların qoşa yarışında isə qrup mərhələsində latviyalı Oskar Bajarsla birgə mübarizə aparan Məhəmməd Hacızadə 2-ci olub.

Yusif Mirəlləmov-Nəzrin Mehrəlizadə tandemi 13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında 1/4 finalda eston rəqiblərinə məğlub olub. Eyni nəticəni Fərəc Kərimli və Yusif Mirəlləmov 13 yaşadək oğlan, Leyla Camalzadə və Nəzrin Mehrəlizadə isə qız badmintonçuların qoşa yarışında təkrarlayıb. Leyla müvafiq yaş kateqoriyasında qızların şəxsi yarışında 3 set davam edən gərgin mübarizədə ən güclü 4-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə eston rəqibinə uduzub.

15 yaşadək oğlanların şəxsi yarışında Əmirxan İmanov və Ülvi Hüseynovun da ən yaxşı nəticəsi "8-liy"ə düşmək olub. 15 yaşadək badmintonçuların qarışıq qoşa yarışlarında Fatimə Həsənzadə-Hinek Veselik (Çex Respublikası) və Ülvi Hüseynov-Nərmin Hüseynova tandemi də 1/4 finala kimi irəliləməyi bacarsalar da, yarımfinala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.