Borisov: "Futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm"

Borisov: "Futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm"

Futzal üzrə Azərbaycan milli komandası bu gün Çexiya ilə yoldaşlıq matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, 21:00-da start götürəcək qarşılaşma ilə bağlı yığmamızın çalışdırıcısı Vitali Borisov fikirlərini bölüşüb:

"Komanda sentyabrın 10-dan təlim-məşq toplanışındadır. Bəzi səbəblərdən tam heyəti yığa bilmədik. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdik. Gündə iki dəfə məşq keçirdik. Sonrakı dörd gün ərzində isə taktiki planda çalışmalara yer verdik. Əlbəttə, futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün - 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə, uşaqlarda oyun təcrübəsi də yoxdur. Yaxın günlərdə yeni mövsüm başlayacaq".

Baş məşqçi oyunun keçiriləcəyi şəhərə öncədən gəlməklərini üstünlük kimi dəyərləndirib:

"Oyundan 2 gün əvvəl Çexiyaya gəlməyimiz bizim üçün üstünlük oldu. Məsafə uzaqdır, Zlin şəhərinə gəlmək üçün təyyarədən əlavə avtobusla 3 saata yaxın yol qət etmişik. Şəhərdə bir gün artıq qalmağımız uşaqların yorğunluğunun çıxmasına və bərpa olunmasına kömək etdi".

Borisov rəqibin heyətinin yeni futzalçılardan təşkil edildiyini bildirib:

"Çexiya millisinin üzvlərini məşqdən sonra gördük. Dünya çempionatının seçmə oyunlarından sonra onlar da yoldaşlıq matçları keçirməyiblər. Komandanın 40-50 faizi yeni futzalçılardır. Onlar üçün də bu matç yeni komandalarını iş başında yoxlamaq baxımından önəmlidir. Maraqlı oyun olacaq. Yoldaşlıq oyunu olsa da, çalışacağıq nəticəmiz də yaxşı olsun. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır".