"Yəqin, Samir Abasov aşağı pillələrdə qərarlaşan komandalarda işləyəndə səviyyə baxımından çətinlik çəkir"
"Evdə qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçular bunu bacardı. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Kritik durumda ev komandası olduğumuzu hiss elətdirdilər. Oyunun çətin anları idi. Bu, bizim üstünlüyümüzdü. "Sumqayıt" "Zirə"yə qarşı yaxşı oynamışdı. Bəlkə də, meydanda istədiyimiz sürət yox idi, amma mübarizə gedirdi. Hər iki komandanın futbolçuları meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Bir qol oyunun taleyini həll edə bilərdi. Sevinirəm ki, rəqibə epizod vermədik. Çətinliklərimiz oldu. Ehtiyat qüvvəmiz çox deyil. Bizim üçün hər xal önəmlidi. Matç bərabərliklə də başa çata bilərdi. Bunun özü də bizi qane edərdi. Çünki turnir cədvəlində bizdən aşağıdakı pillədə olan komandalara uduzmamalıyıq. Bu il çətinliklərimiz var, amma bunlardan xarakter göstərərək çıxa bilərik.
mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 12-ci turunun "Sumqayıt"la (1:0) matçından sonra deyib.
Samir Abasov bildirdi ki, birinci divizion səviyyəsində oyun getdi. Sizcə də, oyunun səviyyəsi aşağı idi, yoxsa Abasov qələbənizə kölgə salmaq istəyirdi?
- Yəqin ki, Samir Abasov "Neftçi"dən sonra aşağı pillələrdə qərarlaşan komandalarda işləyəndə səviyyə baxımından çətinlik çəkir. Məni qane edir. Meydanda mübarizə var idi. Samir Abasovun nə gözlədiyini bilmirdim. Oyunun birinci divizion səviyyəsində olduğunu deyə bilmərəm. Biz qarşımıza qoyulan məqsədə çatmaq istəyirik. Bəlkə də onların qarşısında başqa məqsədlər dayanır. Məqsədimiz mübarizə aparmaqdı. Bəzi reallıqlar var, onu qəbul etmək lazımdı. Klub olaraq inkişaf etmək istəyirik. Birinci diviziondan Premyer Liqaya gəlmişik, uyğunlaşmalıyıq. Gələcək üçün bu keçidi aşmalıyıq, zəif oyunlar da olacaq. Yüksək oyun istəyiriksə, onun da başqa şərtləri var. Birinci liqa ilə müqayisə isə düzgün deyil.
Komandanız qalib gəlir. İcra başçısı, iş adamları, biznesmenlər komandaya kömək göstərir?
- Əlbəttə ki, maraq var. Komandanı Oqtay Abdullayev və Nadir Nəbiyevlə mən qurmuşam. Futbolçular büdcənin bəlli olmayan vaxtında bizə inandılar, etimad göstərərək Tovuza gəldilər. Böyümək və daha yaxşı istəyiriksə, dəstək, kömək lazımdı. İcra başçısı komandanın ən çətin vaxtında, toplanışa getməyimizə kömək etdi. Bəlkə də toplanışa getməsəydik, bu qədər hazır olmazdıq. Bir çox xırda məsələlərdə kömək ediblər. Tovuzu sevənlər, tovuzlular var ki, komandaya dəstək ola bilərlər. Bəlkə də, qələbələrimiz onları da həvəsləndirir. Amma ümumən güc rəhbərliyə düşür. Çətinliklər var.
Qələbə qolundan sonrakı "partlayış" nə ilə əlaqədar idi? Vurulan qola çox sevindiniz. Şəhriyar Əliyev də gəlib sizinlə görüşdü...
- Ola bilər ki, bu oyunda bir az çox oldu. Bu, bəzi adamlara ismarıc idi. Öz mesajlarını aldılar.
"Turan Tovuz"un oyunları adətən həftəiçində oynanılır. Tovuzda azarkeş potensialının daha çox olduğunu nəzərə alsaq, bu, sizin üçün "təxribat" deyilki?
- PFL komandaların dincəlməyinə önəm verir. Məcbur idik ki, bu qrafikdə oynayaq. Çünki "Şamaxı" ilə oynayacağıq, ondan sonra isə "Qarabağ"la qarşılaşırıq, ardınca Gəncəyə yollanacağıq. Doğrudu, həftəsonu daha çox azarkeş olur. Amma durum belədi, oyuna gələn də var, televizor vasitəsilə bizə dəstək göstərən də.
Qrafiklə bağlı probleminiz var?
- Yaxşı qrafikdi. Doğrudu, futbolçular yüklənəcək. Bizi narahat edən onların xəstələnməsi, zədələnməsidi. Bəzi mövqelər var ki, ehtiyatımız yoxdu. Bu gün meydanda cinah oyunçusu olmadı. Çətinliklər haqda danışmaq istəmirəm. Bu, bizə mane ola bilər. Çünki bura gələndə bilirdik ki, komanda qurmalıyıq. Komanda bir neçə oyun udmaya da bilər, uduza da bilər, amma bu il periodu keçib, səbrli olmalıyıq. Tutaq ki, Konfrans Liqasına çıxdıq. Bəs, biz ora hazırıq? Klubun inkişafı üçün istəyərik. Amma bünövrəni daha yaxşı qurmaq niyyətindəyik.
Kubok matçlarınız da olacaq. Seçim edəcəksiz?
- Milli fasilədən sonra kubok oyunları başlayacaq. Vaxt var. Çalışacağıq ki, zədələr olmasın, tam heyətlə oynayaq. Amma "Kəpəz", "Şamaxı", "Qarabağ" oyunlarında məcburiyyətdən rotasiyalar olmalıdı. Gənclərə şans veririk ki, bu da məni sevindirir. Premyer Liqada oynayan gənc futbolçularımız var. Bəlkə də, komanda sayı artmasaydı, bu futbolçular birinci liqada qalacaqdı. Bu da normaldı, oyunçu qazanırıq. Çox gileylənirik ki, futbolçularımız azdı. Bunun üçün belə komandalar olmalıdı. Ola bilər ki, hansısa futbolçumuz mövsümü elə səviyyədə keçirsin ki, iddialı komandanın transfer siyahısına düşsün. Yayda qarşıma böyük məqsədlər qoysaydılar da, yenə də söz verməzdim. Çünki birinci il komanda üçün çətindi. Hər şey pillə-pillə olur. Turnir cədvəlində bizdən aşağıda qərarlaşan klubların büdcəsi bizimkindən azdı? Xeyr. Komanda qurmaq kiməsə asan gələ bilər. Amm ən çətin işdi. Sponsor çıxsa, sevinərik. İnkişaf üçün bəzi məsələlər var ki, ona köməklik edər.
Sponsor gəlsə, daha çox legionerlər oynayacaq, yerlilər ikinci plana düşəcək?
- "Sumqayıt"da baş məşqçi olanda Konfrans Liqasında bir neçə gənc futbolçulara şans vermişdim. "Sabah"da Yusif İmanov dayanır, onu itirmirik. Oynayan gənclərə məşqçilər hər zaman şans verir. Gənclər də məsuliyyətli olmalıdı. Kim istifadə edəcəksə..."Neftçi", "Qarabağ", "Sabah", "Zirə"də gənclər çıxış edir. Bu, bizim uğurumuzdu. Yaxşı gənc futbolçu olanda, rəqabət apara bilirsə, yerli və ya legioner fərq etmir. Biz də güvənirik.