Zaqatala komandası Azərbaycan çempionatından kənarlaşdırılıb
AFFA U-14 Liqasında çıxış edən “Viktoriya Zaqatala” komandası çempionatdan kənarlaşdırılıb.
Mediasport.az xəbər verir ki, buna səbəb komandanın mövsüm ərzində üçüncü dəfə meydana çıxmaması olub.
Bölgə təmsilçisi son olaraq “Qafqaz Arena” ilə oyuna gəlməyib.
Komanda mövsümdə üçüncü dəfə texniki məğlubiyyətlə üzləşdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən Azərbaycan çempionatından uzaqlaşdırılıb.
Komitə aşağı yaş qrupu üzrə liqalarda çıxış edən 3 komandaya isə texniki məğlubiyyət verib. Region Liqasında baş tutan “Lokomotiv Baku” - İCBFA oyununda birincilərin heyətində meydana Əli Nəzərovun əvəzinə protokolda adı qeyd edilməyən başqa oyunçu çıxıb.
AFFA U-11 Liqasında keçirilməli olan “Şəmkir” FK – UGİŞM (Tovuz) görüşü ikincilərin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.
AFFA U-17 Qızlar Liqasında mübarizə aparan “Sumqayıt”ın isə “Sabah”la qarşılaşmada heyətində yetərsay olmayıb.
Bütün bunlar “Lokomotiv Baku”, UGİŞM (Tovuz) və “Sumqayıt”ın 0:3 hesablı texniki məğlubiyyət almalarına səbəb olub.