AÇ: 1 qızıl, 2 bürünc medal şansı - Daha 5 güləşçimiz döyüşə atılacaq
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, bu gün 3 güləşçimiz medal döyüşünə, son 5 idmançımız ilk görüşlərinə çıxacaq.
97 kq-da təmsilçimiz Maqomedxan Maqomedov karyerasında ikinci dəfə qitə çempionu olmağa çalışacaq. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı sentyabrda Serbiyada təşkil olunmuş dünya çempionatında əldə etmiş idmançımız finalda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşacaq.
57 kq-da İslam Bazarqanov və 65 kq-da Əli Rəhimzadə isə bürünc medal üçün yarışacaq. Pəhləvanlarımız müvafiq olaraq Ukraynanı təmsil edən Kamil Rəhimov və Abdullah Toprak (Türkiyə)/Stefan Koman (Rumıniya)/Hamzat Arsamerzoyev (Fransa) triosunun qalibi ilə üz-üzə gələcək.
Bu gün Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseniy Djioev (86 kq), Osman Nurmaqomedov (92) və Georgi Meşvildişvili yarışa qoşulacaq.
Qeyd edək ki, Azərbaycan qitə çempionatına 25 güləşçi ilə yollanıb.
Hələlik millilərimizin aktivində 8 medal var.
Yunan-Roma güləşçilərimiz Nihad Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) Avropa birincisi olublar, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci yeri tutublar, Beka Kandelaki (130 kq) üçüncülüklə kifayətlənib, qadınların mübarizəsində isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal əldə edib.
Yarış sabah başa çatacaq.