Qılıncoynadanımız Gentdə beynəlxalq turnirin çempionu olub
Qılıncoynatma üzrə yığma komandamızın lideri Anna Başta Belçikanın Gent şəhərində keçirilən 25-ci "Flemish Open Championships" beynəlxalq turnirində qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, qrup mərhələsini maksimum nəticə (6 qələbə) ilə başa vuran Anna qadın sablyaçıların yarışında finala gedən yolda italiyalı Marqarita Kollonna (15:7), Fransa sablyaçıları Şarlott Lemba (15:8) və Luiza Kleyn (15:7), Böyük Britaniya təmsilçisi Maksvell Keytlini (15:14) mübarizədən kənarlaşdırıb.
İdmançımız finalda qadın sablyaçıların dünya reytinqində dördüncü olan Yunanıstan qılıncoynadanı Despina Georgiadonu 15:4 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazanıb.
70-ə yaxın qadın sablyaçının yarışdığı turnirdə Palina Kaspiaroviç və Zərifə Hüseynova ümumi sıralamada ilk onluqda yer ala bilib. Səbinə Kərimova 11, Valeriya Bolşakova 22, Sevil Bünyatova isə 25-ci olub.