“Arpachay Open-2023” başa çatıb

“Arpachay Open-2023” başa çatıb

Karate üzrə 7-ci “Arpachay Open-2023” beynəlxalq turniri başa çatıb.

mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışlar 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.

Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov, Milli Məclisin deputatları Vüqar İsgəndərov, Sadiq Qurbanov, Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq mübarizəsində həlledici rolundan danışıb, 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun şəhidlərimizin qisasını aldığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıblar.

“Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb, turnirin təşkilinə görə minnətdarlığını bildirib.

Üç gün davam edən yarışlarda yerli idmançılarla yanaşı, Çexiya, Gürcüstan, Küveyt, Özbəkistan, Rusiya və Ukraynadan 700-dən çox karateçi mübarizə aparıb. Azyaşlılar, 14-15, 16-17 yaşlı yeniyetmələr, gənclər və veteran idmançılar kata, kumite və komanda-kumite yarışlarında güclərini sınayıblar. Ümumilikdə turnirdə 40-dan çox federasiya və idman klubu təmsil olunub. Yekunda “Arpaçay” karate klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaquar” idman klubu isə üçüncü yerdə qərarlaşıb.