Azarkeşin ölümü ilə nəticələnən hadisəyə görə 105 nəfər həbs edildi
Ötən həftə Yunanıstanın paytaxtı Afinada yerli AEK və "Dinamo" (Xorvatiya) azarkeşləri arasında baş verən insident zamanı ölümlə nəticələnən iğtişaşlar barədə cinayət işi açılıb.
mediasport.az xəbər verir ki, "Qəsdən adam öldürmə" və "Kriminal qruplaşmaya üzv olmaq" maddələri ilə başlanılan cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.
Hadisə zamanı saxlanılan 105 azarkeş barəsində həbs qərarı verilib. Onlardan 102 nəfəri xorvat, 3-ü isə yunandır.
Yunanıstan hüquq-mühafizə orqanları qərarı kamera görüntüləri və telefon siqnallarını izləməklə çıxarıb. Ölümlə nəticələnən hadisədə əli olan digərlərinin axtarışları davam etdirilir.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin AEK - "Dinamo" oyunundan əvvəl azarkeşlər arasında baş vermiş kütləvi iğtişaş zamanı bir yerli fanat həyatını itirib.
UEFA-nın hadisəyə görə təxirə saldığı qarşılaşmanın ilk oyunu bu gün Zaqrebdə, cavab görüşü isə avqustun 19-da keçiriləcək. Hər iki duel azarkeşlərsiz baş tutacaq.