"Azərbaycan futbolu tarixində bir ilkə imza atmaq istəyirik"
"Hazırlıq üçün elə də çox vaxtımız olmadı. Bir neçə məşq keçmişik. və ən vacib olan nədirsə, onun üzərində çalışırıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan yığma komandasının kapitanı Sevinc Cəfərzadə deyib.
27 yaşlı futbolçu UEFA Millətlər Liqasının C qrupunun 3-cü turu çərçivəsində Farer adaları ilə oyunla bağlı düşüncələrini bölüşüb. Millimizin lideri səfərdən maksimum nəticə ilə qayıtmaq istədiklərini bildirib:
"Komandada hər kəs bu oyunun nə qədər əhəmiyyətli olduğunu bilir. Xeyli yol qət etsək də, yorğunluğun olduğunu düşünmürəm. Olsa belə, kapitan olaraq komandaya güvənirəm və inanıram ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik. Düşərgədə əhval-ruhiyyə əladır, oyuna tam hazırıq".
Təcrübəli futbolçu məqsədlərinin qrupdan çıxmaq olduğunu vurğulayıb: "Qrupdan çıxmaq üçün şansımız var və hədəfimiz budur. Azərbaycan futbolu tarixində bir ilkə imza atmaq, tarix yazmaq istəyirik. Farer adaları millisinin oyunlarını izləmişik. Belə komandalar sürpriz etməyi bacarırlar. Digər oyunlardakı məğlubiyyətləri və yaxud başqa səbəblər bizi arxayınlaşdıra bilməz. Bu tip rəqiblər hər zaman təhlükəli olurlar. Ona görə rəqibə hörmət edirik və oyuna ciddi hazırlaşırıq. Meydana 3 xal üçün çıxacağıq".
Bir neçə ildir karyerasını Rusiyada davam etdirən lənkəranlı futbolçumuz legioner həyatına uyğunlaşdığını söyləyib: "Ümumən 6 ildir Rusiyada yaşayıram. Bildiyiniz kimi, artıq 3 ildir "Krasnodar" klubunda çıxış edirəm. Bu mövsüm üçün medal qazanmaq şansımız qalmasa da, hədəfimiz yüksək yer tutmaqdır. Turnir cədvəlində yuxarı pillələr uğrunda mübarizə aparırıq. Mövsüm başa çatmaq üzrədir. Gələcək karyeram haqqında indi nəsə deyə bilərəm. Bu dəqiqə bütün fikrimi milli komandada oyunlarıma ayırmışam".
Sabah səfərdə baş tutacaq Farer adaları - Azərbaycan oyunu Bakı vaxtilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, millimiz qrupda keçirdiyi ilk iki oyundan topladığı 4 xalla Kiprlə 1-2-ci yerləri bölüşdürür. Bakıda Kipr seçməsi ilə bərabərə (1:1) qalan qızlarımız Monteneqronu səfərdə məğlub ediblər (1:0).