Gimnastlarımızdan Budvada rekord - 30 medal: 18 qızıl, 7 gümüş, 5 bürünc!
Azərbaycanın bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş "Montenegro Cup" beynəlxalq turnirində rekord sayda - 30 medal qazanıblar.
mediasport.az xəbər verir ki, yarışda ölkəmizi “Ocaq Sport” Klubunun, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbi) və Respublika Kompleks İdman Məktəbinin (RKİM) gimnastları təmsil ediblər.
BGM idmançıları ümumilikdə 9 qızıl, 6 gümüş və 4 bürünc əldə ediblər. Məktəbin yetirmələrindən Nuray Qasımzadə (top), Melisa Həsənli (top), Amina Novruzova (çoxnövçülük, alətsiz, top, gürzlər), Hülya Namazlı (top), Ləman Qədimova (gürzlər), Selin Qasımlı (gürzlər) bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüblər. Melisa Həsənli (gürzlər, çoxnövçülük), Zəhra Qasımlı (alətsiz, top), Ayan Nəsirova (top, gürzlər) gümüş, Zəhra Qasımlı (halqa, çoxnövçülük), Mədinə Hüseynova (çoxnövçülük, gürzlər) bürünc medallara sahib çıxıblar.
“Ocaq Sport” klubunun təmsilçilərinin bu yarışda qazancı 8 qızıl, 1 gümüş medal olub. Fatimə Həsənova (çoxnövçülük, alətsiz, top), Selin Yusifova (gürzlər), Gültəkin Vəliyeva (alətsiz), Məryəm Baloğlanova (çoxnövçülük, alətsiz, halqa) birinci, Məryəm Baloğlanova isə topla hərəkətlərin icrasında ikinci yeri tutub.
RKİM gimnastı Nur Sadıqova halqa ilə qızıl, gürzlər isə bürünc medal qazanıb.