"Rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən"
"Çox sevinirəm ki, iki ay yarımdır zədə səbəbindən idmandan uzaqlaşmağıma baxmayaraq, qızıl medal qazana bildim".
Mediasport.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda qalib olan Azərbaycan millisinin lideri Mixail Malkin deyib.
İkiqat dünya çempionumuz ilk çıxışında ona verilən yüksək xalın sonradan aşağı salınmasına aydınlıq gətirib:
“Birinci çıxışımda “çətinliy”ə 11 min 500 xal verildi və rəqiblərim arasında ilk pilləyə yüksəldim. Lakin məşqçimə dedim ki, mənə verilən xal yüksəkdir və aşağı salınması üçün bunu hakimə bildirsin. Beləliklə, ikinci sıraya enərək portuqaliyalı rəqibimdən 100 xal geri qaldım. Növbəti və son çıxışımda isə yüksək nəticə göstərərək birinci yeri əldə etdim. Hansı idman növü ilə məşğul olmağına baxmayaraq, dürüst olmalısan. Rəqiblərimin hamısı məni yaxşı tanıyır, xarakterimi bilirlər. Onların hər biri mənə idmançı kimi hörmət edirlər. Turniri bürünc mükafatla başa vuran portuqaliyalı rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən".
İdmançımız qeyd edib ki, əsas hədəfi bir aydan sonra Portuqaliyanın Gimarayeş şəhərində təşkil olunacaq Avropa çempionatında da qızıl medal qazanmaqdır.
Qeyd edək ki, tamblinq üzrə Azərbaycan yığmasının digər üzvü Adil Hacızadə gümüş medal əldə edib.