Azərbaycan karateçiləri Avropa çempionatında yarışacaqlar
Karate üzrə Azərbaycan milli komandası Xorvatiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, Zadar şəhərində baş tutacaq turnirdə ölkəmiz kumite, kata və para karate növlərində mübarizə aparacaq.
Kişilərin yarışında Fərid Savadov (60 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) baş məşqçi Şahin Atamovun rəhbərliyində yarışacaq.
Komanda yarışında ölkəmizin idman şərəfini Firdovsi Fərzəliyev, Rövşən Əliyev, Hüseyn Məmmədli və Nuran Rzazadə qoruyacaq.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Şahin Xudaverdiyev 4 karateçiyə - Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Aysu Əliyeva (61 kq) və Renata Ərəbliyə (68 kq) şans verəcək.
Kata üzrə yarışda məşqçi İsmayıl Quliyev Roman Heydərov və Ramilə Heydərovanı sınayacaq.
Parakaratedə isə məşqçi Rənad Əliyev Emiliya Mitlinova, Ariana Mitlinova, Nihat Məmmədzadə, Vidadi Xalıqov və Eldar Əhmədova etimad göstərəcək.
Qitə birinciliyində 2 hakimimiz AKF-nin Hakimlər Komitəsinin sədri Cahangir Babayev və gənc və yeniyetmə idmançılardan ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev ədaləti qoruyacaq.
Komandamız yarışa AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.