Rusiyada yaradılmış Azərbaycan klubu Birinci liqaya vəsiqə qazandı
"Azərbaycan" futzal klubu Rusiyanın Arxangelsk vilayətində keçirilən mini futbol üzrə İkinci liqanın finalına çıxıb.
mediasport.az xəbər verir ki, təmsilçimiz həlledici görüşdə “Krasnaya Zvezda” klubu ilə qarşılaşıb.
Həlledici duel rəqibin 9:6 hesablı qələbəsi ilə başa çatıb. Finala qədər keçirdiyi 17 görüşün 15-də qələbə qazanan və cəmdə 163 qol vuran “Azərbaycan” komandası məğlub olsa da, Birinci liqaya vəsiqə qazanıb.
Liqanın ən yaxşı bombardiri komandamızın üzvü Rafiq Qoçəliyev olub. 78 qol vuran soydaşımız bütün liqalar üzrə rekord nəticə göstərib.
Bu il yaradılmış “Azərbaycan” mini futbol klubu turnirdəki debütünü Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edib. Komandanın sponsoru “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatıdır.