Azərbaycan millisi dünya çempionatında 3-cü yeri tutub

Azərbaycan millisi dünya çempionatında 3-cü yeri tutub

Parataekvondo üzrə Azərbaycan milli komandası Meksikanın Verakrus şəhərində keçirilən dünya çempionatında aktivinə 2-ci medalı yazdırıb.

Mediasport.az xəbər verir ki, yığmamızın heyətində İmaməddin Xəlilovun (70 kq, K-44) ardınca Əbülfəz Abuzərli (80 kq, K-44) də fəxri kürsüyə yüksəlib.

Təmsilçimiz mundialı bürünc medalla başa vurub. 1/16 finaldan azad olan Abuzərli ilk duelində Kosta Rika idmançısı Andres Molinanı sınağa çəkib. Görüş 21:14 hesabı ilə Əbülfəzin xeyrinə yekunlaşıb. O, 1/4 finalda böyük britaniyalı Yozef Leynlə üz-üzə gəlib. Parakaekvondoçumuz bu döyüşdən də qalib ayrılıb – 12:10. Yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı təmin edən həmyerlimiz finala gedən yolda Özbəkistan idmançısı Əsədbəy Daşdəmirovla münasibətinə aydınlıq gətirib. Gərgin keçən döyüşdə rəqib 15:7 hesabı ilə qələbə qazandığından, Abuzərli 3-cü yerlə kifayətlənib.

Beləliklə, dünya çempionatına 3 parataekvondoçu ilə qatılan Azərbaycan yığması 2 medal əldə edib və komanda hesabında kişilər arasında 3-cü yeri tutub.