"Üzülürəm, yaxşı formadayam, oynamaq istəyirəm - Klubumda qollarımı vururam" - MÜSAHİBƏ

"Üzülürəm, yaxşı formadayam, oynamaq istəyirəm - Klubumda qollarımı vururam" - MÜSAHİBƏ

Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçü Mediasport.az saytına EKSKLÜZİV müsahibə verib...


Estoniya və Avstriya ilə oyunlar haqda nə deyə bilərsən?

- Məncə, Tallindəki görüş bizim üçün yaxşı keçdi. Orada qalib gəlməyi bacardıq. Avstriya millisinə qarşı oyuna da yaxşı hazırlaşmışdıq, özümüzə inamımız var idi. Oyuna baxdıqda 1 xala layiq olduğumuzu düşünürəm. Ancaq alınmadı, son dəqiqələrdə əla şansımız var idi, qol vura bilmədik. Allah qoysa, qarşıdakı matçlarda daha uğurlu olarıq.

Bu gün tribunalar, demək olar ki, boş idi. Səncə, səbəbi nədir? Ümumiyyətlə, təəccübləndin?

- Daha dolu olacağını düşünürdüm. İlk dəfə idi ki, milli ilə Tofiq Bəhramov stadionunda olurdum. Bir neçə nəfər demişdi ki, bu stadionun tribunaları həmişə dolu olur. Azarkeşlərimizə yenə də təşəkkür etmək istəyirəm. Əllərindən gələn qədər dəstəkləməyə çalışdılar. Ancaq təbii ki, tribunalar o qədər də dolu deyildi.

Tribunalar dolu olsaydı, nəticə başqa cür alınardı?

- Bunu sonradan demək yaxşı səslənməz. Əlbəttə, bəzi zamanlarda azarkeşlərlə birlikdə rəqib üzərində təzyiq yarada bilirsən. Bu gün də azarkeşlərimizin dəstəyini hiss edirdik. Allah qoysa, gələn matçlarda daha çox olarlar.

Heç bir oyunda meydana çıxmadın. Özün üçün də məyus olmusan?

- Təbii ki, üzülürəm. Hamı oynamaq istəyir. Niderlandda klubumda formada olduğumu düşünürəm, oynayıram, qollarımı vururam, komandamı arxamca aparıram, məğlubiyyətimiz yoxdur, çempionatda üst sıralardayıq. Nəticədə bura milli komandadır, ən yaxşılar toplaşıb. Baş məşqçi də ona görə qərar verir, bu dəfə belə oldu, edəcək bir şey yoxdur. Baş məşqçinin verdiyi qərara hörmətlə yanaşıram.

Sənin çıxışlarını biz də izləyirik, görürük ki, yaxşı formadasan. Canni De Byazidən soruşmadın ki, niyə belə vacib oyunlarda şans vermir sənə?

- Xeyr, danışmamışam. Danışmaq fürsətimiz olmur. Amma baş məşqçi məni izlədiyini deyir. Köməkçilər, digər məşqçilər də Niderlandda nə etdiyimdən xəbərdardırlar. Hər halda baş məşqçi qərar verir, 25 oyunçu var, 11-i oynayır, 5-i də ehtiyatdan girə bilər meydana. Formada olduğumu düşünürəm, bura da oynamaq üçün gəldim. Ancaq istənilən halda baş məşqçinin qərarına sayğı duymaq lazımdır.

Qarşıda millimizin iki oyunu qalıb. Nə gözləmək olar yığmadan, nəyə ümid etmək olar, neçə xal qazana bilərik?

- Neçə xal qazanacağımızı sizə deyə bilmərəm. Amma 100 faiz deyə bilərəm ki, hər iki oyunda da ən yaxşsını etməyə çalışacağıq. Hər oyuna meydana qələbə üçün çıxırıq. Xallar qazanmağa çalışacağıq.

Türkiyə millisi Avropa çempionatına vəsiqə qazandı. Bu barədə düşüncələrin maraqlıdır.

- Türkiyə və Azərbaycan - hər ikisi mənim vətənimdir. Gözəl bir şey də odur ki, qardaşım Türkiyə millisində çıxış edir. Düzdür, son iki oyunu zədə səsəbindən buraxdı, amma bu komandanın bir üzvüdür. Əvvəlki matçlarda meydanda olmuşdu. Təbii ki, hamımız qürurluyuq, sevinirik. Məncə, bütün Azərbaycan da Türkiyə adına sevinc hissi keçirir. Biz gedə bilməsək də, Türkiyəni dəstəkləyəcəyik.

Qardaşın Türkiyə millisində oynayır, sən Azərbaycan. Bizim yığmanı seçdiyin üçün peşmanlıq hissin var?

- Azərbaycan mənə o vaxt - çətin anlarda qapısını açdı və bura gələndə həmişə şad oluram. Niderlandda doğulub-böyümüş insan olsam da, məndən harada yaşamağımı istədiyimi soruşsanız, sizə Bakıda deyərəm. Yəni, Azərbaycanı o qədər sevirəm. Ona görə heç bir peşmançılığım yoxdur.

"Eyndhoven"də Azərbaycan millisində oynadığını, yəqin ki, bilirlər. Klubda ölkəmiz barədə məlumatları var?

- Təbii ki, bilirlər. Avropa çempionatının seçmə matçlarına da baxırlar, Azərbaycan haqda az-çox məlumatlıdırlar. Özüm də onlara bəzən bu haqda danışıram.

Azərbaycanda oynamaq fikrin var? Ümumiyyətlə, klublarımızdan təklif almısan?

- Təkliflər hər zaman olur. Həm Türkiyə, həm də Azərbaycandan. Lakin hal-hazırda əsas fikrim Avropada irəliləməkdir. İndi yalnız ona köklənmişəm.

Elvin