Azərbaycanlı futbolçuların sonrakı taleyi - Bərbər, alverçi, biznesmen
Vaxtilə Azərbaycan çempionatlarında top qovmuş futbolçuların bir çoxu ölkəni tərk edib.
90-cu illərdən başlayan köç bu günə qədər davam etməkdədir.
Yaxın Şərqdən tutmuş Avropaya, Amerikadan tutmuş Avstraliyaya qədər – hər yerdə keçmiş azərbaycanlı futbolçulara rast gəlmək mümkündür.
Onların heç də hamısı uşaq yaşlarından sevib-seçdiyi sənətlə məşğul olmur. Böyük əksəriyyəti başqa sahələrdə çalışır.
İlham Məmmədov - “Turan”, “Neftçi”, “Kəpəz” kimi komandaların şərəfini qorumuş Azərbaycan millisinin sabiq üzvü 20 ildən artıqdır Almaniyada yaşayır. “Maradona” Hitlerin vətənində də futbol oynamağa imkan tapmışdı. Artıq başqa sahədə fəaliyyət göstərir.
Yadigar və İmamyar Süleymanov qardaşları - “Kəpəz” azarkeşlərinin indiyə qədər xatırladığı qardaşlar “Şəmkir”, “Kür-Nur”, “Turan” kimi komandaların uğurları üçün tər töküblər. 2000-ci illərin əvvəllərində Rusiyaya üz tutaraq orada bizneslə məşğul olmağa başlayıblar. Hazırda bu ölkədə alış-verişlə məşğuldurlar.
Valeh Qafarov - “Neftçi”, OİK kimi komandalarla yanaşı, Azərbaycanın gənclər və aşağı yaş qruplarından ibarət komandalarının şərəfini qoruyub. Uzun illərdir İsveçdə yaşayır, hazırda yerli klublardan birində qızlardan ibarət komandanı çalışdırır.
Yalçın Bağırov - İsveçdəki daha bir həmyerlimiz “Qarabağ”la İntertoto kubokunda mərhələ adlayan komandanın üzvüdür. “Makkabi” səddi keçilən zaman Bağırov ağdamlıların şərəfini qoruyurdu. “Fərid”, “Dinamo”, “Bakılı” kimi komandaların da formasını geyinmiş sabiq hücumçu hazırda həm futbol menecerliyi, həm də kiçik bizneslə məşğul olur.
Elşən Qəmbərov - Azərbaycan millisinin sabiq üzvü Bakıda doğulsa da, karyerasının böyük hissəsi Rusiya və Özbəkistanda keçib. Uzun illərdir ABŞ-a köçüb, okeanın o tayında məşqçilik edir.
Emil və Mixael Kitelman qardaşları - Bakıda doğulan yəhudi qardaşlar futbolun sirlərinə burada yiyələnib. Uzun illər “Xəzər Universiteti”, “Şəfa”, “Bakılı”, “Olimpik”, “Masallı”, “Muğan” kimi komandalarda top qovandan sonra ata yurdlarına - İsrailə köçüblər. İndi hər ikisi futboldan uzaq düşüb.
Elmar Xeyirov - U-21-in sabiq üzvü “İnter”, “Simurq”, “ABN Bərdə” kimi komandalarda çıxış etdikdən sonra Belarusa yollanmışdı. Bir müddət bu ölkədə oynayan Xeyirov sonradan ABŞ-a üz tutdu. Hazırda Amerikada futboldan kənar sahədə fəaliyyət göstərir.
Elnur Qəmbərov - Futzal millimizin sabiq üzvüdür. Məşqçi kimi “Khazar İslands” (Xəzər adaları) komandasını Azərbaycan çempion edəndən sonra futzalda üzləşdiyi haqsızlıqlara görə bu sahədən uzaqlaşıb, daha sonra ailəsi ilə Kanadaya köçüb. Torontoda yaşayan həmyerlimiz məşqçilik fəaliyyətini futzalda davam etdirir.
Nəbi Xanciqazov - “Şəfa”, “Qarabağ”, OİK, “Bakılı”, “ANS Pivani”, “MKT-Araz”da top dalınca qaçmış, Ukrayna “Niva”sında legioner həyatı yaşamış, U-21 millimizin şərəfini qorumuş yarımmüdafiəçi həyatını Almaniyada davam etdirir. Aşağı liqaların birində uşaq və yeniyetmələrə məşqçilik edir.
Mikayıl Yusifov - Öz dövrünün istedadlı qapıçılarından hesab olunurdu. “Şəfa”, OİK, “Xəzər Lənkəran”, “Turan” kimi komandalarda oynamış, Karlos Alberto Torresin dönəmində Azərbaycan millisinə dəvət olunmuşdu. Uzun illərdir Almaniyada yaşayır və logistika (yükdaşıma) şirkətində çalışır.
Ramil Sayadov - Yaddaşlarda “kötük” ləqəbi ilə qalan cinah yarımmüdafiəçisi 12 illik futbolçu karyerasını 2 komandada – “Xəzər Universiteti” və “Simurq”da keçirib. Sonuncularla ölkə çempionatının bürünc medalını qazanan Sayadov gənclər millisinə də dəvət olunmuşdu. 10 ilə yaxındır uzaq Avstraliyada yaşayır, qapı-pəncərə biznesi ilə məşğuldur.
Pərvin Paşayev - Öz dönəminin ən istedadlı pleymeykerlərindən hesab olunurdu. Tənbəlliyi və üzləşdiyi bəzi haqsızlıqlar böyüməsini əngəlləmişdi. “Qəbələ”, “Kəpəz”, “Muğan” kimi komandalarda top qovub, Azərbaycanın əsas milli xaric, bütün yaş qruplarından ibarət yığmalarına çağırııb. 3 ildir Polşada yaşayan sabiq futbolçu hazırda bu ölkədə bərbərlik edir.
Nicat Qurbanov - Hələ ki, "gəmi"ni tərk edən sonuncu mogikandır. “Neftçi”, “Simurq”, “Sumqayıt”, “Zirə”, “Kəpəz”in uğurları üçün tər tökmüş cinah yarımmüdafiəçisi Gürcüstanda da legioner həyatı yaşayıb. Karyerasını başa vurandan sonra Futbolun İnkişafı Fondunda (FİF) işləyirdi. Lakin ABŞ-dan gələn çağırış Nicatı ailəsi ilə birlikdə okeanın o tərəfinə keçməyə məcbur etdi. Hazırda gəzir, istirahət edir, məqsədi futbol sahəsində çalışmaqdır.
Sportinfo.az