Qurban Qurbanov bu klubun kommunal xərclərini ödəyib
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1-ci Liqa klubu “Zaqatala”nın kommunal xərclərini ödəyib.
Mediasport.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Zaqatalanın eyniadlı komandasının prezidenti Şaban Şirdanov deyib.
O bildirib ki, əslən Zaqataladan olan mütəxəssis komadaya maliyyə köməkliyi göstərir:
“Musa Qurbanov klubun İdarə Heyətinin üzvüdür. Ciddi problemlər olanda müraciət edirdik. Komandaya forma alınmasından tutmuş, qidalanmaya qədər bir çox problemlərimiz olur. Eləcə də ev oyunlarını keçirdiyimiz stadionun icarə haqqı var. Bildiyiniz kimi, Zaqatala İdman Kompleksi Gənclər və İdman Nazirliyinin balansındadır.
Kompleks rəhbərliyi də bizə xeyli güzəştə gedib. Arenanın kommunal xərclərini isə Qurban Qurbanovun köməyi sayəsində ödədik. Bu kimi problemlərin həlli baxımından Futbolun İnkişaf Fondu (FİF) da ötən ilin avqustundan bəri çox səmərəli işlər görüb”.
Qeyd edək ki, Qurban Qurbanovun futbolçu kimi ilk peşəkar komandası 1990/1991 mövsümündə Zaqatala “Daşqın”ı olub. Həmin vaxt komandaya Şaban Şirdanov baş məşqçilik edib.