Bakıda dünya çempionatının bağlanış mərasimi keçirilib
Bakıda təşkil olunan atıcılıq üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov iştirak edib.
Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edib.
"Azərbaycan bütün dünyaya yarışları necə keçirmək lazım olduğunu göstərdi" deyən baş katib mundialla bağlı danışıb: "Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill də Bakıda bütün dünya çempionatlarından yaxşı səviyyədə yarışın təşkil olunduğunu vurğuladı. Atıcılıq olimpiya idman növüdür, həm də digərləri kimi maraqlıdır. Bu turnirdə üç medal qazanmışıq. Sonuncu dəfə dünya çempionatında qızıl medalı 2001-ci ildə Zemfira Meftahətdinova əldə etmişdi. Bundan əlavə, qeyd etməliyəm ki, dünya çempionatlarında ilk dəfə bu sayda mükafata sahib çıxırıq. Daha əvvəl ən çox iki medal qazanmışdıq. Cənubi Koreyada gənclər arasında baş tutan mundialda isə iki mükafat əldə olunub. Bu isə bizdə irəliləyişin olduğunu göstərir. Komandamız da gəncləşir. Ruslan Lunyov kimi güclü idmançılarımız var. Daha yaxşı nəticə göstərə bilərdilər. Bu, bir az psixoloji idman növüdür. Tam istədiyimiz kimi olmasa da, nəticədən razıyıq".
Daha sonra Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) baş katibi Villi Qrill çıxış edib. O, Bakıda keçirilən dünya çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlama verib:
“Azərbaycan elə təşkilatçılıq etdi ki, dünya çempionatı çətin ki, bir də bu səviyyədə keçirilsin. Çox sayda dünya çempionatında və 9 olimpiadada iştirak etmişəm. Azərbaycan təşkilatçılıq baxımından birincidir. Burada 14 dünya rekordu qırıldı. İndiyə qədər mundiallarda bu qədər rekord olmamışdı. Eyni zamanda olimpiadaya 48 lisenziya verildi ki, bu da böyük nailiyyətdir”.
Villi Qrill açılış və bağlanış mərasiminin, eyni zamanda yarışın mükəmməl keçirildiyini söyləyib: “Buna görə Azərbaycan hökumətinə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkür edirəm. Bu, bir nəfərin yox, ümumi komandanın işinin nəticəsidir. Federasiyanın baş katibi Emin Cəfərovun fəaliyyətini xüsusi vurğulamaq istərdim. O, mənim dostum yox, qardaşımdır, bizə çox kömək etdi. Eyni zamanda könüllülərə təşəkkür edirəm. 30 illik karyeram ərzində gördüyüm ən fəal könüllülər idi. Azərbaycanda, doğma ölkəmdə bağlanış mərasimini etmək mənim üçün çətin oldu”.