Baş katib məktəblilərlə görüşdü
Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı OCEP (“Olimpiya mədəniyyəti və təhsil proqramı”) məktəbliləri ilə görüşüb.
MediaSport.az xəbər verir ki, görüşdə Avropa Olimpiya Komitələrinin (AOK) nümayəndəsi Canluka de Angelis, MOK-un idman idarəsinin rəhbəri Həsənağa Rzayev, “Maribor-2023”də Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Vaqif Əliyev, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın rəhbəri Ceyhun Rəhmanov, MOK-un xarici əlaqələr idarəsinin məsləhətçisi Ruslan Məmmədov, Azərbaycan Elm və Təhsil Nazirliyinin (ETN) sektor müdiri Hilal Salmanov və OCEP məktəbliləri iştirak ediblər.
Tədbirdə MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı, OCEP-in rəhbəri Ceyhun Rəhmanov qarşıdakı günlərdə proqramın fəaliyyəti və heyətdə yer alan şəxslər barədə ətraflı məlumat verib.
MOK-un baş katibi Azər Əliyev OCEP-in fəaliyyəti barədə danışaraq, bu layihənin Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində artıq üçüncü dəfə təşkil olunacağını bildirib. Məktəblilərlə ümumi söhbət edən Azər Əliyev onların səfərləri və qarşıdakı günlərə hazırlıqla bağlı məlumat aldıqdan sonra məktəblilərə uğurlar arzulayıb. O, sosial media üzərindən proqramı yaxından izləyəcəyini bildirib.
Azər Əliyev, həmçinin gələcəkdə OCEP-in Avropa Gənclər Olimpiya Festivalının bir hissəsi olaraq davam edəcəyinə ümid etdiyini də vurğulayıb. Növbəti qış Olimpiya Festivalının Gürcüstanda təşkil olunacağını diqqətə çatdıran MOK-un baş katibi ilk dəfə olaraq OCEP layihəsinin bu yarışda da həyata keçməsinin yeni hədəflər sırasında olduğunu deyib. O, OCEP-in məktəblilər üçün əhəmiyyətini və Olimpiya dəyərlərinin təbliği üçün çox uğurlu layihə olduğunu və bu işdə dəstək verdiyinə görə AOK-a öz təşəkkürünü bildirib.
Daha sonra AOK-un nümayəndəsi Canluka de Angelis proqramın əhəmiyyətindən danışaraq, ilk gündən etibarən bu proqramı həm şəxsən, həm də təmsil etdiyi qurum tərəfindən dəstəklədiklərini deyib. Gələcəkdə də Avropa Gənclər Olimpiya Festivalının tərkib hissəsi olaraq davam etməsini hər tərəfli dəstəkləyəcəklərini qeyd edib.
Sonra Azərbaycan Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov çıxış edərək nazirliyin proqramı tam dəstəklədiyini bildirib, MOK-un rəhbərliyinə öz minnətdarlığını çatdırıb. O, belə layihələrin məktəblilərin inkişafi üçün əhəmiyyətli olduğunu vurğulayıb.
OCEP məktəbliləri Ümid Yusifli, Qumral Yusifli, Xədicə Seyidova və Nərminə Xələfova öz növbələrində “Maribor-2023” çərçivəsində Sloveniyaya gəldiklərinə görə çox sevindiklərini və proqram üzrə ölkəmizi layiqincə təmsil edəcəklərini bildiriblər.