"Bəhanə gətirmək istəmirəm" - Gəncə klubunun baş məşqçisi
"Gəncə" basketbol klubu Azərbaycan Kubokunun qrup mərhələsinin ilk oyunu çərçivəsində "Sərhədçi"yə məğlub olub.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Bedri Meriç matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Türkiyəli mütəxəssis görüş haqda fikirlərini bildirib, 63:99 hesablı məğlubiyyəti şərh edib.
O, acı məğlubiyyətə görə üzrxahlıq edib:
“Kubok yarışı üçün legioner limiti fərqlidir. 3 yerli oyunçunun meydanda olması səbəbindən oyun sistemində dəyişikliklər etmək məcburiyyətində qaldıq. Bu da bizə müsbət təsir etmədi. Ənənəvi oynadığımız basketboldan uzaqlaşdıq. Acı nəticə özünü hesabda göstərdi. Bəlkə də ən pis oyunumuzu keçirdik.
Ona görə də azarkeşlərimizdən, bizi son oyunda tribunada dəstəkləyənlərdən üzr istəyirəm. Fanatları çox yaxşı anlayıram, onlar komandanı daha yaxşı yerlərdə görmək istəyirlər. Ümid edirəm ki, gələcəkdə etimadı doğruldacağıq.
Bəhanə gətirmək istəmirəm, bütün məsuliyyət mənim üzərimdədir. Kubok turnirində daha iki güclü rəqibimizlə oyunumuz var. Mübarizə aparacağıq. Bizim üçün əsas olan çempionatdakı oyunları uğurla başa vuraraq liqanı daha üst sıralarda bitirməkdir”.