"Əlbəttə, səhv var, Ehtiram müəllimin özü də bunu etiraf edib"

"Əlbəttə, səhv var, Ehtiram müəllimin özü də bunu etiraf edib"

"Bəzi oyunlarda istədiyimiz kimi çıxış edə bilmədik. Bu, normaldır. Bəzilərində isə kobud hakim səhvləri oldu. Onlar olmasaydı, 25, 26 xal toplaya bilərdik. Xüsusilə, bu məqama toxunmaq istəyərdim".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

O, Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün geridə qalan 2 dövrəsi haqda fikirlərini bölüşüb:

"Öncədən də çempionatın gərgin keçəcəyi gözlənilirdi. Çünki yayda klubların güclənməsi buna siqnal idi. Ötən mövsüm aşağı pillədə qərarlaşan komandaların bu il heyətinə qatdığı futbolçulara baxanda da bu, aydın başa düşülürdü. Cari mövsüm keçən il baş tutan çempionatdan fərqlənir. 2022/23 mövsümündə 8, 9, 10-cu pillələrdə yer alan komandaların xalına baxsaq, 2023/24 mövsümünün fərqli keçdiyini deyə bilərik. Bu il həmin rəqəm 14-ə bərabərdir, keçən il təxminən 5-7 olardı. Bu o deməkdir ki, aşağı pillələrdə olan kollektivlər də çempionatdan qopmayıb, gərgin mübarizə gedir. Biz isə 22 xal toplamışıq. Hər dövrəyə 11 xal düşür. Daha çox ola bilərdi. Cari mövsüm heyətdə yeni futbolçuların sayı çox oldu. Çünki komandadan ayrılan futbolçuların sayı da çox idi. Yeni gələnlərin komandaya nə qədər xeyir verdiyini görürük. Onlar qısa zamanda uyğunlaşa bildilər. Gözləntilərimizi doğruldurlar. Hazırda orta pillələrdəyik. İnşallah, çalışacağıq ki, bundan da yaxşı çıxış edək. 3-cü və 4-cü dövrə çox çətin keçəcək. Yaxşı hazırlaşmaq lazımdır".

42 yaşlı mütəxəssis qış transfer pəncərəsində heyətə yeni futbolçu cəlb edib-etməyəcəkləri haqda bunları qeyd edib:

"Baş sponsorumuz Ehtiram Quliyevin bir mövqeyi var: komandanın güclənməsi üçün artıqlamasıyla iş görmək lazımdır. Son oyunun ardından söhbətimiz oldu. Öncə onu deyim ki, futbolçu axtarırıq. Mümkündür ki, fikirləşmədiyimiz mövqe üçün də oyunçu alaq. Onun potensialı bizi qane edəcəksə, gələcək üçün addım ata, transfer edə bilərik. 1-2 mövqedə sıxıntılarımız ola bilər. Həm orta xətt, həm də cinahlar üçün yeni futbolçuların olmasını istəyərdik. Axtarışlarımız davam edir. Bu, uğurla nəticələnsə, rəhbərliyin maliyyə ayırması baxımından heç bir problem olmayacaq".

Ayxan Abbasov son günlərin əsas hadisəsi - Premyer Liqanın 18-ci turunun "Araz-Naxçıvan"la ev matçında (3:1) işıq dirəyinin meydana aşması haqda da mövqeyini bildirib:

"Üzücü hadisə oldu. Heç kim belə bir şeyin baş verəcəyini gözləmirdi. Heç kim heç nədən sığortalanmayıb. Qanuni tərəflərdən məlumatlı deyiləm. Məsələn, başqa stadionlarımızda - Tofiq Bəhramov adına Respublika Stadionunda, "Kapital Bank Arena"da və s. görmüsünüz ki, azarkeşlərin əyləşdiyi tribunanın yuxarı hissəsi küləyin təsirindən uçmuşdu. Hadisə olanda olur. Kimisə qınamaq asandır. Birinci, Ehtiram müəllim, sonra da biz belə hadisənin baş verməsini istəməzdik. Maddi baxımdan da kluba ciddi ziyan dəydi. Yayda klubun büdcəsinin bir hissəsini stadionun hesab tablosuna, işıqlandırma sisteminə xərcləmişdik. Bunu nə üçün etmişdik? Azarkeşlər oyuna rahat gəlsinlər. Çünki günün istisində futbol maraqsız olurdu. Axşam saatlarında daha yaxşı, maraqlı keçir. Yəni, biz bu işləri görmüşük. Sevinirik ki, hadisə zamanı heç kim xəsarət almayıb. Zərər yalnız maddi cəhətdən olub. Yəqin, məsələni mütəxəssislər araşdıracaqlar. Çünki problem bünövrədə olmayıb. Gördünüz ki, güclü küləyin təsirindən işıqlandırma sistemi əyildi. Yaxın günlərdə məsələ ilə bağlı dəqiq fikir, izah olar. Məncə, indiki vəziyyətdə sevinək ki, heç kim xəsarət almayıb. Ehtiram müəllim bölgədə Azərbaycan futbolunun inkişafı üçün çox işlər görür. Onun böyük layihəsi var. Belə bir hadisə haqda fikir bildirmədən öncə onun gördüyü işlərə baxmaq lazımdır. Fikrimcə, indi kimisə günahlandırmaq düzgün olmaz. Əlbəttə, səhv var. Ehtiram müəllimin özü də bunu etiraf edib. Ondan da yaxşısı quraşdırılacaq. Mübarizə davam edir. Hər işdə bir xeyir var".


Rövşən