"Bilirik ki, Azərbaycan millisi Avropanın ən güclülərindən deyil"

"Bilirik ki, Azərbaycan millisi Avropanın ən güclülərindən deyil"

Bu gün Bakıda Azərbaycan yığmasının qonağı olacaq İordaniya milli komandasının baş məşqçisi Hüseyn Ammuta beynəlxalq yoldaşlı oyunu ilə bağlı fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis 4 gün öncə Norveç yığmasına 0:6 hesablı məğlubiyyəti yada salıb.

Asiya təmsilçisinin çalışdırıcısı acı yenilgidən sonra futbolçularla danışdığını, onların psixologiyasını qaydasına saldıqlarını bildirib.

- Norveçlə matçda rəqibə qarşı yaxşı çıxış etmədik. Böyükhesablı məğlubiyyətdən sonra futbolçularla söhbətimiz olub. Hər şey qaydasındadır. Bugünkü matçldan əvvəl iki məşq keçəcəyik, daha sonra oyunlarımızı analiz edəcəyik.

- Azərbaycan Avropanın güclü millilərindən hesab edilmir. Oyun praktikanız olsun deyə bizim milli ilə qarşılaşmağa razı olduz, yoxsa hansısa gözləntiniz var?

- Bilirik ki, Azərbaycan millisi Avropanın ən güclülərindən deyil. Buna baxmayaraq, texniki heyət rəqibə hörmətlə yanaşır. Azərbaycan yaxşı oynamağı bacarır. Millimizin bura ilk səfəridir. Səfərdə yaxşı nəticə əldə edərək, toplanışı müsbət sonluqla yekunlaşdırmaq istəyirik.

- İordaniya millisinə dəvət alan Omar Hani Azərbaycanda oynayır. Onunla söhbət etmisiz?

- Onun çıxışlarını izləyirik. Budəfəki toplanışda olmayacaq. Amma növbəti toplanışlarda şans əldə edə bilər. Əsas məqsəd bugünkü oyundan yaxşı nəticə ilə ayrılmaqdır. Bilirik ki, Azərbaycan bir neçə gün öncə Belçikaya qarşı oynayıb. Rəqibin son dörd oyununu izləmişik.