Binədə media əməkdaşları arasında atıcılıq yarışı keçirilir
Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (AAF) təşkilatçılığı ilə media (KİV) əməkdaşları arasında Novruz bayramına həsr olunmuş atıcılıq yarışı start götürüb.
Mediasport.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən turnir Azərbaycan Dövlət Himninin səsləndirilməsilə başlayıb.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, İkinci Qarabağ müharibəsində əsgərlərlə bərabər media nümayəndələri də Vətənimizin azadlığı uğrunda döyüşdülər.
O qeyd edib ki, turnirdə 50-dən çox iştirakçı öz bacarığını göstərəcək. Ç.Hüseynzadə media nümayəndələrinin bu idman növünə olan marağını nəzərə alaraq, yarışın hər il təşkil ediləcəyini diqqətə çatdırıb.
AAF-ın vitse-prezidenti Zemfira Meftahətdinova isə yaşından və vəzifəsindən asılı olmayaraq hər kəsi atıcılıqla məşğul olmağa dəvət edib.
Çıxışlardan sonra konsert proqramı təşkil edilib, ardınca yarışa start verilib.
İştirakçılar pnevmatik idman tapançasından 10 metr məsafəyə atəşaçma üzrə yarışda qüvvəsini sınayırlar.
Yarışın əsas məqsədi media əməkdaşları ilə MOK arasında əməkdaşlığı genişləndirmək və Vətənin müdafiəsinə həmişə hazır olmağı aşılamaqdan ibarətdir.
Turnirin qalibləri Milli Olimpiya Komitəsi tərəfindən pul mükafatı və diplomlarla təltif olunacaqlar.
İlk üç yerin qaliblərinə müvafiq olaraq 300, 200 və 150 manat pul mükafatı və diplom, iki iştirakçıya isə MOK tərəfindən “Fəal iştirakçı” diplomu veriləcək.