"Bu cür hazırlıqların il ərzində 2-3 dəfə təşkilini çox istərdik"
Qax Olimpiya İdman Kompleksi və Zaqatala Talaçay Kompleksinin bədii gimnastika üzrə məşqçisi Sevda Ramazanova Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, 1 həftə ərzində paytaxtda təlim-məşq toplanışı keçirəcəklərini deyib:
"Ötən il 4 nəfərlə gəlmişdiksə, bu dəfə hazırlığa qatılan gimnastların sayı 11-ə çatıb. Gimnastlar bu toplanışda fiziki hazırlıqlarını artırır, alətlərlə işləmək texnikasını möhkəmləndirirlər. Bizə bu şəraiti yaradan Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümüzü bildiririk. İdmançılarımız Bakıya gələndə çox yaxşı təcrübə toplayırlar".
Ramazanova toplanışların bölgə gimnastlarına böyük kömək olduğunu bildirib:
"Bu cür hazırlıqların il ərzində 2-3 dəfə təşkilini çox istərdik. Ötən il bir sıra yarışlarda iştirak etdik, uğurlar qazandıq. Həmin ənənəyə sadiq qalaraq, bu il daha çox beynəlxalq yarışlara qoşulmaq və medallarımızın sayını ikiqat artırmaq niyyətindəyik".