Heydər Əliyevin yubiley turnirində 300-dək idmançı yarışacaq
Naxçıvan ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinə ev sahibliyi edəcək.
Mediasport.az xəbər verir ki, verilən məlumata görə, bölgədə gimnastika üzrə təşkil olunacaq ilk beynəlxalq yarış çərçivəsində Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 300-dək idmançı çempion adı uğrunda mübarizəyə qoşulacaq.
Naxçıvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə paytaxt və bölgələri təmsil edən 20 klubdan kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar xalça üzərində məharətlərini nümayiş etdirəcəklər.
İdmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər. Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatalanı təmsil edən gimnastlar da qoşulacaqlar.
İki gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Qeyd edək ki, yarış hər gün saat 10:00-da başlayacaq.