"Haqsızlığı geridə qoymaq üçün özümdə güc tapacam - Bu hakimlər güzgüdə özlərinə necə baxırlar?”
“Dünya Güləş Birliyinə təşəkkürümü bildirirəm. Tanrı hamımızı izləyir, bundan sonra da var gücümlə çalışacam və haqsızlığı geridə qoymaq üçün özümdə güc tapacam”.
Mediasport.az xəbər verir ki, bu fikirlər aprelin əvvəlində Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin 74 kq çəki dərəcəsində azərbaycanlı Turan Bayramova uduzandan sonra qalmaqallı açıqlama verən İtaliya millisinin üzvü Frank Çamizoya məxsusdur.
Sərbəst güləşçi sosial şəbəkə hesabında paylaşım ediərək Dünya Güləş Birliyinin (UWW) bu duellə bağlı çıxardığı qərar münasibət bildirib. O, yekun qərardan narazı qaldığını qeyd edib:
“Bu, haqsızlıqdır. Lisenziya üçün 4 il hazırlaşdım, amma hakimlərə 5-10 aylıq diskvalifikasiya verildi...Bu ədalət təmsilçiləri güzgüdə özlərinə necə baxırlar?".
Qeyd edək ki, İntizam Komitəsi görüşün nəticəsi qüvvədə saxlayıb və görüşün referilərinə müxtəlif cəzalar verib. Xalça hakimi Roman Pavlov və hakim İbrahim Cicoğlunun ilin sonunadək bütün yarışlardan uzaqlaşdırılıb. Görüşə təyin olunan digər ədalət təmsilçiləri Ali Sayvan oktyabrın 30-dək, Aleksey Bazulin, Kamel Buaziz və Kase Gossel isə iyunun 30-dək diskvalifikasiya olunublar.
Xatırladaq ki, Bayramov 8:8 hesabı ilə başa çatan dueldə xalların keyfiyyətinə görə qələbə ilə "Paris-2024"ə lisenziya qazanıb.
İtaliyalı güləşçinin sonda yerinə yetirdiyi fənd vaxt başa çatdığı üçün qeydə alınmasa da, apenninlilər həlledici xalın 6 dəqiqəlik qarşılaşma daxilində olduğunu iddia etmişdilər.
Həmçinin, Çamizo İtaliya mətbuatına verdiyi açıqlamada ona görüşdən qabaq uduzması üçün 300 min dollar rüşvət təklif edildiyinə dair iddia səsləndirib.
Maraqlıdır ki, UWW rüşvət məsələsinə, ümumiyyətlə, reaksiya verməyib.