"Bu gün Xankəndidəyik - Bundan gözəl, şərəfli nə var ki?!"
"Bu gün Xankəndidəyik - Bundan gözəl, şərəfli nə var ki?!"
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndi-Bakı ultra marafonunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəhbəri illər əvvəl Kəlbəcərdən çıxdıqlarını xatırladıb:
“Bu ağrı-acını illərlə birlikdə yaşamışıq. Kəlbəcərdən 30 il əvvəl çıxmışdım. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu gün Xankəndidə tədbir keçiririk. Mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu, əsl fəxarətdir. Gözümüz aydın olsun. Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.
Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.