"Bu mövzuda mənimlə söhbət edilməyib" - Ayşən Abduləzimova
"Faiq müəllimi hər kəs yaxşı tanıyır. O, dünyanın ən təcrübəli mütəxəssislərindəndir. Millimiz müxtəlif illərdə onun rəhbərliyi ilə beynəlxalq yarışlarda yüksək nəticələr qazanıb. İnanıram ki, Faiq müəllimin təcrübəsi öz sözünü deyəcək".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova deyib.
O, Faiq Qarayevin, "Millinin legioner həyatı yaşayan voleybolçularını yenidən Azərbaycana dəvət etmək lazımdır" fikrinə münasibət bildirib:
"Bu mövzuda, şəxsən, mənimlə söhbət edilməyib. Əgər növbəti mövsümlərdə belə bir təklif olarsa, düşünüb dəyərləndirərəm".
Təcrübəli voleybolçu legioner həyatı yaşamağın üstünlüklərini diqqətə çatdırıb:
"Artıq bir neçə ildir ki, ölkə xaricində çıxış edirəm. Macarıstanla yanaşı, Türkiyədə də oynamışam. Hazırda Macarıstandayam, son mövsümdə çempion olduq, kubok qazandıq, bu il də lider kimi yolumuza davam edirik. Çox şükür, burada hər şey yaxşıdır. Düşünürəm ki, xarici çempionatlarda oynamaq təcrübəsini yaşamaq lazımdır. Bu, həm də fərqli çempionat, fərqli sistem, fərqli taktika deməkdir".
Daha sonra, "Yenidən Azərbaycandan təklif gələrsə, bunu dəyərləndirəcəksiniz" sualını belə cavablandırıb:
"Əlbəttə, bir azərbaycanlı kimi öz çempionatımızda da oynamaq istəyərəm. Lakin çempionat hələ davam edir və hazırda növbəti mövsümlə bağlı bir düşüncəm yoxdur. İndi mənim üçün ən əsas məsələ yaxşı oynamaq, komandama bacardığım qədər çox kömək etmək və ölkəmizi xaricdə layiqincə təmsil etməkdir".
Abduləzimova sonda Azərbaycan Superliqasının hazırkı durumundan da söz açıb:
"Bu il ölkə çempionatı son illərə nisbətən daha maraqlı və gərgin keçir. Komandalar daha güclüdürlər. Vaxtım olanda oyunları izləyirəm. Bu gün çempionun kim olacağını demək çətindir. Düşünürəm ki, sona qədər gərgin mübarizə gedəcək".