Çempionatda 2023-cü il “Neftçi” – “Xarı bülbül” oyunu ilə başlanılacaq
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
mediasport.az xəbər verir ki, ikinci turun görüşləri yanvarın 12-də və 13-də keçiriləcək.
Əvvəlcə ayın 12-də kişi voleybolçuların Yüksək Liqasında tura 16:00-da “Neftçi” – “Xarı bülbül” oyunu ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK və “Murov” arasında qarşılaşma keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Yanvarın 13-də isə qadın voleybolçular arasında Yüksək Liqada 2-ci tur keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. Bundan iki saat sonra “Murov” – UNEC dueli start götürəcək.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-2-ci yerlərdə qərarlaşıblar. “Neftçi” və MOİK-in hələlik xalı yoxdur.
Qadın voleybolçuların yarışında hərəyə 3 xal qazanmış “Azərreyl” və “Murov” turnir cədvəlinə başçılıq edirlər. “Abşeron”la UNEC ilk turu xalsız başa vurublar.