“Cavab oyununa xüsusi planlarımız var, Bakıya gəzməyə gəlməmişik"
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Linkoln" klubu Bakı Olimpiya Stadionunda məşqə çıxıb.
MediaSport.az xəbər verir ki, Cəbəllütariq klubunun baş məşqçisi Xavi Munyos öncə jurnalistlərin suallarını cavablandırıb.
İspaniyalı mütəxəssis Bakıya gəzməyə gəlmədiklərini deyib: “Cavab oyununa xüsusi planlarımız var, Bakıya gəzməyə gəlməmişik. Planımı burada açıqlamayacağam. Oyuna məğlub başlayacağıq. Buna baxmayaraq, komandamıza inamımız böyükdür. Ümid edirəm ki, fərqli bir şey etməyə nail olacağıq”.
41 yaşlı çalışdırıcı Bakıya 16 saatlıq yol qət etmədiklərini bildirib: “Düzdür, səfər uzun oldu. Amma sizin qeyd etdiyiniz qədər uzun deyildi. Klub bizim üçün rahat şərait yaratmağa çalışdı. Bu amilin sabah oyunumuza təsir edəcəyini düşünmürəm. İlk matçda qurduğumuz plan özünü doğrultdu. Hətta qələbə də qazana bilərdik. Sadəcə, qalib gələ bilməməyimizi bəxtsizlik kimi qəbul edirəm. “Qarabağ”ı yenə təəccübləndirmək üçün hər şeyi edəcəyik”.