"Zirə" Kiprdə qeydə alınan hesabı haqq etmədiyini göstərməlidir"
"Əfsuslar olsun ki, "Zirə"nin Kiprdə "Omoniya"ya 0:6 uduzduğu matç onların həmin günə qədər keçirdiyi ən zəif görüş oldu".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Ceyhun Sultanov deyib.
Veteran yarımmüdafiəçi qəsəbə təmsilçisinin geridönüş etmək ehtimalını dəyərləndirib:
"Təmsilçimizdə heç bir şey alınmadı, amma rəqibin etmək istədiyi nə var idisə, reallaşdı. Qeydə alınan hesabı şərh etmək mümkün deyil. Zəif oynamaq bu nəticənin meydana çıxmasına gətirib çıxardı. "Zirə" üçün geridönüş etmək çox çətin olacaq".
Funksioner daha sonra "qartallar"ın cavab matçında qələbə qazanmasının ölkəmizin reytinqi üçün önəmli olduğunu vurğulayıb:
"Ən azından cavab qarşılaşmasında "Omoniya"nı məğlub etməli, Kiprdə qeydə alınan hesabı haqq etmədiklərini göstərməlidirlər. Doğrudur, "Omoniya" pis komanda deyil, sürətlidir. "Zirə" Azərbaycanın UEFA reytinqində yerini qoruması, əlavə xal qazanması üçün qalib gəlməlidir. Həm "Qarabağ"a, həm də "Zirə"yə uğurlar arzulayıram. İnanıram ki, evdə qalib gələcək və reytinq xalımızı artıracağıq".
Xatırladaq ki, "Zirə" - "Ominiya" görüşü avqustun 29-da "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.
Rövşən ƏLİSOY