Cüdoçularımız İspaniyada olimpiya təlim düşərgəsində iştirak edirlər
Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən cüdo üzrə olimpiya təlim düşərgəsində iştirak edir.
MediaSport.az xəbər verir ki, hazırlıq prosesinə gənclərdən, qadınlardan və böyüklərdən ibarət yığmanın üzvləri qatılıblar.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı 4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Masters turnirinə, sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.